Udinlər: “Bizim əlifbamızı, yazılarımızı ermənilər məhv ediblər” . Fuad Hüseynzadə

      Böyük Qafqazın qərb ətəklərində yerləşən və 1500 ildən çox yaşı olan Qəbələni görəndə buranı həyatının ən gözəl çağını yaşayan yeniyetmə insana bənzətdim. Amma Qəbələnin özündə çox olmadım deyə rayon haqqında təəssüratlarım azdır. Mənim əsas işim Qəbələnin Nic kəndində idi. Ona görə çoxdandır, marağında olduğum bu kənd və onun daimi sakinləri udinlər haqqında məlumat vermək istərdim. Onu da deyim ki, Nic artıq qəsəbə statusu alıb.

   Nic çox unikal kənddir. Udinlərsə Qafqazın qədim sakinlərindən hesab olunur. Onlar Azərbaycanda kompakt şəkildə Qəbələ rayonunun Nic kəndində yaşayırlar. Həmçinin Bakıda, Oğuz şəhərində, o cümlədən Rusiyada, Gürcüstanda (Oktomberi qəsəbəsində), Qazaxısatnda, Ukraynada və başqa ölkələrdə yaşayırlar.      Buranın tarixi çox qədimlərə, alban dövrünə kimi gedib çıxır. Nicin təxminən 2500 ilə yaxın tarixi vardır və indiki halda beynəlmiləl tərkibli qəsəbə hesab olunur. Burada udinlərlə yanaşı, azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələrinin də yaşadığının şahidi oldum. Nic qəsəbəsi 2 saylı rus tam orta məktəbinin direktoru Asya Qukasova ilə görüşərkən dedi ki, ümumi əhalisi 6800 nəfər olan qəsəbə ayrı-ayrılıqda 14 məhəllədən ibarətdir. Qəsəbədə 2 məscid, 3 alban kilsəsi, 1 mədəniyyət evi, 1 kitabxana, 1 otel, 3-ü rus dilində və 2-si Azərbaycan dilində olmaqla 5 orta məktəb, 4 kinoklub, 1 xəstəxana, 1 uşaq bağçası və bir neçə tarixi abidə vardır.

     Kəndin yollarına söz ola bilməz. Mərkəzi yolla bərabər, ara yollarına da asfalt döşənib. Kənddə içməli su problemi də yaşanmır. İşsizlikdənsə şikayətlənənlər var idi. Lakin əhalinin əsas istəyi kəndə qaz xəttinin çəkilməsidir. Hər kimlə görüşdüksə bircə bu problemin həll olunmasını istəyirdilər. Asya xanım dövlət başçısının və yerli deputat Fəttah Heydərovun Nicə diqqət və qayğısından razılığını bildirdi: “Mənim rəhbəri olduğum məktəbin açılışını 2011-ci ildə Prezident İlham Əliyev şəxsən özü edib. Bizim üçün burada hər bir şərait yaradılıb. Etnik azlıq olsaq da, dövlət bizi yerli xalqdan fərqləndirmir”.
Xatırladım ki, 1992-ci ildə Nicdə maddi və mənəvi sərvətləri, adət-ənənələri qoruyub saxlamaq məqsədilə “Orayin” (“Bulaq”) Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəzin yaradıcısı Azərbaycanda və dünyada tanınmış şəxs olan Georgiy Köçəri olub. Onun bu işini isə son 6 ildir, Oleq Danakari davam etdirir.
O.Danakarinin dediyinə görə, dünyada yaşayan udinlərin sayı cəmi 10 minə yaxındır. O bildirdi ki, hal-hazırda qəsəbədə iki ictimai təşkilat fəaliyyət göstərir: “Onlardan biri bizim təşkilatdır. Digəri isə Alban-Udin Xristian İcmasıdır. Dini icmanı Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobili layiqincə həyata keçirir. Hal-hazırda onun rəhbərlik etdiyi icma Nic qəsəbəsində olan “Gotari” kilsəsinin təmir işlərini aparır. R.Mobilinin fikrincə, bu sahədə hələ çox işlər görülməlidir”.
Qafqaz Albaniyasının əhalisinin xristianlaşma dövründən başlayaraq udinlər Alban kilsəsinə mənsubdur. Başqa xalqlar kimi, xristianlığı qəbul etdikdən sonra, udinlər yeni xristian ayinlər ilə bərabər, köhnə adət və ənənələri qoruyub saxlayıblar. Bu qəsəbədə yerləşən tarixi baxımdan əhəmiyyətli olan Alban-udin kilsəsi Albaniyada xristianlığın ilk təbliğatçısı olub. 25 ilə tikilən kilsə opostol Yeliseyə həsr olunub.
O.Danakari bildirdi ki, bu kilsənin fəaliyyət göstərməsi Azərbaycanın tarixi üçün olduqca əhəmiyyətlidir: “Ermənilərin sözlərini kəsmək üçün alban kilsələri təmir olunmalı və onların fəaliyyət göstərmələri üçün imkan yaradılmalıdır. Əks halda, başqa sahələrdə olduğu kimi, ermənilər bu mədəniyyət nümunələrinə də sahib çıxa bilərlər”.
Qeyd edək ki, qədim tarixə malik olan Nic qəsəbəsində xeyli abidə aşkarlanıb. Nicin Abdallı adlanan ərazisində 1926-cı ildə Yalolutəpə adlanan torpaq qəbirlər var, Ağdəlləhli adlanan ərazidə tapılan qəbir daşlarının üzərində 1228-ci il tarixi qeyd edilib. Qəsəbədə olan Alban kilsəsi, “Daş bulaq” adlı tarixi çeşmə bu abidələrə marağı xeyli artırır. Eləcə də orijinal üslubda tikilən bir sıra yaşayış evləri Nicə gələn turistlərin diqqətini cəlb edir.
Onun sözlərinə görə, Alban kilsəsinin hələ 1836-cı ildə Rus Sinodunun qərarı ilə Erməni kilsəsinə təhvil verilməsi udin xalqının məhvinə yönəlmiş bir addım olub. VII əsrin əvvəllərində ərəblər Azərbaycanı işğal edərkən İslamı qəbul etdirmək üçün xristianları çox sıxışdırmayıblar, əsasən bütpərəstlərə qarşı mübarizə aparıblar. Düzdür, VII əsrə qədər udinlər arasında da bütpərəstlər çox olub, indi də qalır. Amma udinlər o vaxt öz dinlərini qoruyub saxlaya bilib: “Digər tərəfdən, ermənilər də bizə təzyiqlər göstərirdilər. Onlar Alban kilsəsini erməni qiriqorian kilsəsinə tabe etmək istəyirdilər. Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər, ancaq bu hadisənin hansı ildə baş verdiyini heç kim dəqiq bilmir. Bu günə artıq heç nəyimiz qalmayıb”.
Udin icmasının rəhbəri bildirdi ki, udin dilində heç bir dənə də olsun, erməni sözü yoxdur: “Yenə Azərbaycan sözlərinə oxşar bəzi sözlərimiz var. Sadəcə, bizi ermənilərlə yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa sitayiş etməyimizdir. Amma ermənilər xristianlığın qriqorian, biz isə katolik qoluna məxsusuq”.
Həmsöhbətim deyir ki, udin xalqının soyad sonluqları dəyişdirilib “…yan” edilib. Elə bu səbəbdən də Azərbaycanın müstəqilliyinin ilk illərində udin xalqının oğlanları hərbi xidmətdən azad edilmişdi.
Təşkilat sədri bildirir ki, o vaxtlar bəziləri udinləri də ermənilərin sırasına aid edirmiş. “Ancaq sonra yavaş-yavaş aparılan təbliğat işə yaradı. İndi artıq hamı tanıyır ki, udin xalqı kimdir”. O.Danakari bildirdi ki, indi onların soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı problemləri yoxdur: “Artıq soyadları istədiyimiz kimi dəyişə bilirik. Hazırkı dövrdə udinlərin əksəriyyətinin soyad sonluqları “-rı” ilə qurtarır, “-ov”la bitən soyadlar da azlıq təşkil etmir. Udinlər də hazırda azərbaycanlılar kimi hərbi xidmətə gedir ”.
“Son illər udinlər öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün böyük işlər görür, buna dəstək olan isə Azərbaycan dövləti və onun rəhbərliyidir” deyən O.Danakari qeyd etdi ki, qəsəbənin aktivləri və ziyalıları ilə birgə mərkəzin işini yeni mərhələyə qaldıra biliblər: “2007-ci ildə “Orayin” Mədəniyyət Mərkəzi öz növbəti iclasında qərara gəldi ki, məktəbdə tədris edilən udin dilində olan proqram və dərsliklərə yenidən baxılsın və onlar latın qrafikası ilə hazırlansın. Artıq “Nanay-Muz” (Ana dili) dərsliyi hazırlanıb. Lakin hazırlanan əlifba ancaq 3-cü sinfə kimi nəzərdə tutulub. Əlifba uşaqlara elm öyrətmək üçün yox, sadəcə dili unutmamaq üçün nəzərdə tutulub. Artıq 1-ci sinif üçün dərsliklər uşaqlara paylanıb”.

Dövlət və milli bayramlar yüksək səviyyədə keçirilir Udinlərin dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilib. Udin dilinin əlifbası yoxdur.

   O.Danakari bildirdi ki, azərbaycanlılarla olan sıx münasibətlərin nəticəsidir ki, udin toylarında artıq Azərbaycanın milli yeməyi olan aş da verilir.
O, azərbaycanlılar, ləzgilər və udinlər arasında münasibətlərin normal şəkildə olduğunu dedi: “İnsanlar bir-birilərinin xeyir-şər işlərində yaxından iştirak edirlər. Mənim dostlarımın yarıdan çoxunu azərbaycanlılar təşkil edir”.
O.Danakari rəhbərlik etdiyi təşkilatın son illər gördüyü işlərdən də danışdı. Qeyd etdi ki, dövlət və milli bayramları yüksək səviyyədə keçirir, imkansız ailələrə, udin yazarlarının qələmə aldıqları kitabların çapına sponsorluq edirlər: “Həmçinin tarix dərnəyi təşkil olunub. Bundan başqa, tarixi abidələrin təmiri və bərpası ilə məşğuluq. Eləcə də xaricdəki udin diasporu ilə əməkdaşlıq edirik. Eyni zamanda mərkəzin nəzdində “Bahar” ansamblına hərtərəfli kömək edirik. Ümumiyyətlə, bu və ya digər işləri görərək etnik xalqın mədəniyyətini dünyaya çatdırmaq istəyirik.
Bu işləri həyata keçirməkdə köməyinə görə udinlər və “Orayin” Mədəniyyət Mərkəzi dövlətimizə və Norveç Humanitar Müəssisəsinə minnətdarlığını bildirir”.
Yeri gəlmişkən, Norveç Humanitar Müəssisəsi “Udin Mədəniyyətinə Dəstək” qrant layihəsi həyata keçirir. Layihə çərçivəsində udin xalqının tanınmış nümayəndəsi, tanınmış linqvist alim Qriqor Voroşilin xatirəsinə udin icması və “Orayin” Mədəniyyət Mərkəzi tərəfindən “Udin-Azərbaycan-Rus” lüğəti nəşr olunub.
Udin xalqı Azərbaycanda yaşayan və davamlı mövcudluğu üçün özül yaratmağa çalışan etnik azlıqlardandır. Azərbaycan müstəqillik qazandıqdan sonra çoxsaylı udinlər ölkəni tərk ediblər, bu baxımdan da qədim, unikal adətlərin və mədəniyyətin yox olmasının qarşısını almaq üçün hökumət və NHM kimi təşkilatların dəstəyi çox vacibdir. Həmçinin bu kənd turizmin inkişafı baxımından da əlverişlidir. Dünyanın diqqətini bura cəlb etmək üçün turistlərə turlar da təşkil etmək olar. Çünki kənddəki qeyri-adi formalı tikililər, alban abidələri insanda maraqlı təəssürat yaradır. Hər halda istənilən əcnəbi üçün elə bu lazımdır…