Robert Mobili: “Çar Rusiyasının erməniləri Qarabağda yerləşdirməsinin səbəbi oradakı alban kilsələrini, məbədlərini, mədəniyyətini, əlifbasını erməniləşdirmək idi”
Udin dili ilə erməni dili tamamilə fərqli dil qruplarına aiddir”
“Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər”
Zəngin Azərbaycan mədəniyyətinin formalaşmasında ölkəmizdə tarixən yaşayan müxtəlif xalqların da rolu danılmazdır. O xalqlardan biri də Qafqaz Albaniyasının yadigarları olan udinlərdir (udi). Udinlərlə ermənilərin heç bir genetik, dini-mənəvi bağlılığı olmasa da, ermənilər udin abidələrini, maddi və qeyri-maddi irs nümunələrini, əlifbalarını mənimsəyiblər.
İşğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən nəinki islam abidələri, eləcə də Qafqaz Albaniyasına aid olan abidələr təcavüzə məruz qalıb. Buradakı abidələrin kütləvi erməniləşdirildiyini deyən Alban-udin xristian icmasının sədri, “Şöhrət” ordenli geoloq-alim Robert Mobili “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qafqaza yad olan ermənilər buradakı bütün xristian abidələrinə qarşı saxtalaşdırma, mənimsəmə aktları həyata keçirməkdə davam edirlər. “Azərbaycanın işğal olunmuş ərazilərində həm islam, həm də xristian abidələrinin vəziyyəti dözülməz haldadır. Xüsusilə islam abidələri dağıdılıb. Alban abidələrinin isə bir hissəsi dağıdılıb, bir hissəsi erməniləşdirilib” — deyə bildirən R.Mobilinin sözlərinə görə, ermənilər Qarabağda alban abidələrini, tarixi yerlərini özlərininki kimi təqdim edirlər. Onların məqsədinin bu abidələrin guya onlara məxsusluğunu dünyaya çatdırmaq olduğunu vurğulayan R.Mobili qeyd etdi ki, alban abidələri saxtalaşdırılmaqla erməni Qriqoryan kilsələrinin elementləri əlavə olunur. Amma nə qədər çalışsalar da, başqasının tarixinə sahib çıxa bilməyəcəklər. Elm inkişaf edib. O abidələrin inşasında xüsusi bağlayıcı, tikinti materialı istifadə olunub. Saxtalaşdırmanın üzə çıxarılması zamanı hansı bağlayıcı, tikinti materialları istifadə edilib, bunu araşdırırıq. Tikinti materialının bağlayıcısı informasiya daşıyıcısıdır. Onun hansı dövrə aid olduğunu bilmək mümkündür”. R. Mobilinin bildirdiyinə görə, ermənilər alban kilsələrini erməniləşdirmək üçün, ilk növbədə, xaçı dəyişirlər. Çünki alban xaçı xristian xaçından fərqlidir.
“Bizim mədəni irsin hesabına ermənilər Qarabağı vətən kimi “doğmalaşdırıb”. Bura qədim alban abidələri, digər mədəni irs örnəkləri, eləcə də əlifba daxildir. Sözsüz ki, ermənilər işğal etdikləri ərazilərdə alban mədəniyyətinin izlərini silməklə oranı özününküləşdirməyə cəhd edirlər. Ermənilər ciddi-cəhdlə çalışırlar ki, özlərini Qafqaz tarixilə bağlasınlar. Çünki onlar heç vaxt Qafqaz xalqı olmadığı üçün, bura onların tarixi vətəni olmayıb. Onlar özlərini Qafqaza bağlamaq üçün mədəni irs nümunələrimizi mənimsəyirlər ki, guya burada çoxdan yaşayıblar və bu abidələr də onlara məxsusdur. Deyim ki, ermənilər bu saxtakarlığı təkbaşına etməyiblər. Vaxtilə bu işdə onlara ərəblər də kömək edib, ruslar isə tamamilə bizə aid mədəni irsi onlara verib. Çar Rusiyasının erməniləri Qarabağda yerləşdirməsinin səbəbi oradakı alban kilsələrini, məbədlərini, mədəniyyətini, əlifbasını erməniləşdirmək idi. Ermənilər bunların hamısını özlərinə bağlayıblar. Ermənilər udinlərlə bağlı xüsusi məqsəd daşıyırdılar. Udinlər ya assimilyasiya olunub ermənilərin içində əriməli, ya da tamamilə silinməli idilər. Bu məsələdə ermənilərə əsas dəstəyi Çar Rusiyası verib. “Türkmənçay” müqaviləsindən sonra Rusiya Qafqazı işğal etdi və Azərbaycan torpaqları iki yerə bölündü. Qarabağın xristian əhalisi olmadığına görə (çünki orada bir-iki udin kəndi qalmışdı) Çar Rusiyası erməniləri Dağlıq Qarabağa köçürməyə üstünlük verdi. Udinlər əsasən Qarabağda, Ağstafa, Tovuz və Böyük Qafqazın şimal yamaclarında və Kiçik Qafqazda yaşayıblar. “Türkmənçay” müqaviləsindən sonra erməniləri Dağlıq Qarabağa yerləşdirdilər. Alban kilsəsi İmperator I Nikolayın 11 mart 1836-cı il tarixli fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni Qriqoryan kilsəsinin idarəçiliyinə verilir. Bununla da Alban kilsəsi 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılır. Bu böyük bir siyasət idi və bunlar ermənilərə “vətən” yaratmağa xidmət edən məsələ idi. Alban kilsəsini erməni kilsəsinin tabeliyinə verməkdə məqsəd orada olan alban-xristian tayfalarının erməniləşdirilməsi idi. Faktiki olaraq o tayfalar erməniləşdirilmişdi. O xalqlardan biri də tarixən Qarabağda yaşayan udinlərdir. Qarabağda olan ermənilərin çoxu kök baxımdan alban-xristianlardır. Onlar alban tayfalarından olduqlarını bilirlər, amma o səviyyədə erməniləşdiriliblər ki, erməni olmadıqlarını etiraf edə bilmirlər. Onlara “Qarabağ erməniləri” ona görə deyirlər ki, onlar zorla erməniləşdiriliblər. Qarabağda üç kəndin adını çəkə bilərəm ki, orada udinlər yaşayıb. Bu kəndlər Talış, Çaylı və Udinlərdir. Hətta Seysulanda da udinlər vardı. Onlar təxminən 19-cu əsrə qədər qalmışdılar. Qarabağda udinlərdən başqa da alban-xristian xalqları vardı, onlar da sonradan bura köçürülən ermənilərin içində əridildilər. Udinlər və digər alban tayfaları ya erməni kilsəsinə tabe olub ermənilərin içində əriməliydilər, ya da başqa yol seçməliydilər. Fakt budur ki, udinlər arasında islamı qəbul edənlər də vardı. Qarabağdakı udinlərin bir hissəsi özlərini müdafiə etmək məqsədilə Gürcüstana qaçdılar, onlar da orada gürcüləşdilər. Gürcüstanda Ceyranaşvililər var, onlar alban tayfalarındandır. Hətta mən beynəlxalq konfranslarda çıxış edəndə mənə yaxınlaşıb alban tayfalarından olduqlarını deyirlər. Gürcülər Gürcüstandakı alban kilsələrinin quruluşunu dəyişərək onları gürcü kilsəsinə bənzədiblər. Alban irsinə layiqincə sahib çıxa bilmədiyimiz üçün, onu bir tərəfdən gürcülər, o biri tərəfdən isə ermənilər mənimsəyiblər” — deyə R.Mobili bildirdi.
İcma sədri vurğuladı ki, Qafqaz Albaniyasının əhalisinin xristianlaşma dövründən başlayaraq udinlər Alban kilsəsinə mənsubdurlar. Başqa xalqlar kimi, xristianlığı qəbul etdikdən sonra udinlər yeni xristian ayinlər ilə bərabər, köhnə adət və ənənələri qoruyub saxlayıblar. O qeyd edir ki, ermənilərin alban kilsələrinə qarşı təcavüzünun qarşısının alınması üçün tədbirlər görülməlidir. Onun bildirdiyinə görə, alban kilsələri təmir olunmalı və onlar fəaliyyət göstərməlidirlər. “Alban kilsəsinin statusu bərpa edilməlidir. Görürsünüz, Ukrayna kilsəsi Rusiya kilsəsindən ayrıldı. Bu çox ciddi məsələdir. Çünki kilsə böyük rol oynayır. Bu gün o mədəni irsə sahib olmaq lazımdır ki, sabah onu müdafiə edə bilək. Burada söhbət təkcə udinlərdən getmir. Sadəcə, burada udinlər kömək edə bilər” — deyə bildirən müsahibimizin fikrincə, ermənilər onların əlifbalarını da məhv ediblər: “Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər. Bu günə artıq heç nəyimiz qalmayıb. Udin dili ilə erməni dili tamamilə fərqli dil qruplarına aiddir. Bizim ermənilərlə heç bir bağlılığımız yoxdur. Onlar bizə məxsus dəyərləri oğurlayaraq özününküləşdiriblər”.
İradə SARIYEVA