Azərbaycan Alban udi icması Əkrəm Əylislini alban irsinə dair faktları təhrif etməkdə ittiham edib

   Bakı. Mübariz Aslanov — APA. Azərbaycan Alban udi icması Əkrəm Əylislinin “Daş yuxular” adlı əsərində alban irsinə dair faktların təhrif edilməsi ilə əlaqədar bəyanat verib. Bu barədə APA-ya icmanın sədri Robert Mobilli məlumat verib.

   Bəyanatda deyilir ki, istər Azərbaycan, istərsə də indiki Ermənistan ərazisində yüzlərlə alban məbədləri mövcuddur: “Tarixi məlumatlara əsasən, albanlar xristianlığı ilk qəbul edən xalqlardan biri olublar. Məşhur alban tarixçisi Moisey Kalankaytuklu özünün “Albaniya tarixi” adlı əsərində qeyd edir ki, “ermənilər xristianlığa Roma təqviminin 43-cü ilində dönüblər. Albaniya isə xristianlığı ermənilərdən 270 il əvvəl qəbul edib”. Bu da onu göstərir ki, alban kilsəsinin tarixi erməni kilsəsindən daha qədimdir. Lakin 1836-cı ildə çar hökuməti alban kilsəsini ləğv edib, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilib. Həmin tarixdən etibarən alban məbədləri ermənilər və onların havadarları tərəfindən məqsədli şəkildə Qriqoryan məbədləri kimi təqdim olunub. Buna baxmayaraq, tarixi həqiqətlər göz qabağındadır. Artıq bu gün heç bir ciddi tarixçi bu məbədlərin erməni kilsəsinə aid olduğunu qəbul etmir”.

   R.Mobilli qeyd edib ki, ciddi erməni tarixçilərinin belə iddia edə bilmədikləri mülahizələrin yazıçı Əkrəm Əylislinin “Daş yuxular” adlı əsərində öz əksini tapması, Əylisdə keçmişdə mövcud olmuş alban məbədlərinin erməni kilsələri kimi təqdim olunması təəssüf doğurur: “Alban kilsəsi birbaşa xristianlığı mərkəzi olan Qüdsdən xeyir-dua alıb. Bu kilsə İsa Məsihin həvarilərindən biri Varfolomeyə birbaşa bağlı olan apostol kilsəsidir. Halbuki ermənilərdə ilk dövrlərdə birbaşa apostol kilsəsi mövcud olmayıb. Üstəlik, alban kilsəsinin katolikosluq xətti erməni kilsəsindən tam fərqlidir. Əslində “Daş yuxular”dakı bəzi səhnələrdən aydın olur ki, Əylislinin “Əylis erməniləri” dediyi şəxslər əslində albanlar olub. Məsələn, Qüdsə həcc üçün gedən şəxslər “muqdisi” adlandırılır. Halbuki erməni dini ənənəsində bu kəlmə istifadə olunmur. Bu, ancaq alban kilsəsinə məxsus bir termindir və hazırda da udilər tərəfindən istifadə olunur. Erməni kilsəsində isə belə bir titul əsla yoxdur. Bütövlükdə Azərbaycan xalqı albanların tarixi varisidir. Biz udilər isə Albaniyanın həm tarixi, həm də dini varisləriyik. İstər Çar Rusiyası, istərsə də Sovet dövründəki uzun mübarizəmizin nəticəsində nəhayət ki, öz kilsəmizi bərpa etməyə nail olmuşuq və hazırda icmamız öz tarixi renessansını yaşayır. Alban tarixçiləri tərəfindən “bütün kilsələrin anası” adlandırılan Kiş məbədi başda olmaqla bir çox alban abidəsi dövlətin köməyi sayəsində bərpa olunub. Bu baxımdan öz doğma vətənimizdə bizim dini abidələrimizin tarixinə dair təhrif olunmuş məlumatların yayılması bizə böyük mənəvi zərbə vurur. Məhz buna görə yazıçı Əkrəm Əylislini qeyd olunan əsərində dini tariximizlə əlaqəli yol verdiyi təhriflərə görə qınayırıq”.

http://az.apa.az/news/288394