06 İyun 2015 14:09
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Biz, Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə mənsub müxtəlif dini qurumların rəhbərləri Zati-Alinizin qayğısı nəticəsində qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı göstərilməsinə görə Sizə sonsuz təşəkkürümüzü bildirir, vahid vətənimiz olan doğma Azərbaycanımızın tərəqqisi və firəvan günlərə qovuşması naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə böyük uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
Dini qurumlara dövlət büdcəsindən maddi yardım göstərilməsi artıq ənənəyə çevrilib və biz bunu təqdir etməklə yanaşı, həm də dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycana xas xüsusiyyət kimi qiymətləndiririk. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və dünəyi dövlətlər dini qurumlarla münasibətdə bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər.
Bu gün Azərbaycan Sizin bacarıqlı və fədakar rəhbərliyiniz altında Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla və sürətlə irəliləyir, ölkəmizin xoşbəxt gələcəyinin təməli daha da möhkəmlənir. Sizin apardığınız siyasətin uğurunu təmin edən ən önəmli cəhət Ümummilli Liderimizin alternativsiz siyasi xəttinə sonsuz sədaqətiniz və Azərbaycan xalqının – ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin mənsublarının inam və etimadını qazanmağınız, xalqa arxalanmağınızdır.
Biz ölkəmizdə sabitliyin və sürətli inkişafın təmin olunmasına, eləcə də vətəndaş həmrəyliyinin, vicdan azadlığının və tolerantlığın qorunub saxlanılmasına, inkişafına görə dünyanın ən böyük azərbaycanlısı, Ulu Öndər Heydər Əliyevə və Onun böyük davamçısı kimi Zati-Alilərinizə minnətdarıq.
Bu gün Azərbaycan təkcə iqtisadi göstəricilərinə və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və multikulturalizmin səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövlətidir. Çünki ölkədə dini etiqad azadlığının və tolerantlıq prinsiplərinin təmin olunması, eyni zamanda milli-mənəvi dəyərlərimizin və müxtəlif konfessiyalara məxsus tarixi-dini abidələrimizin qorunması Sizin xüsusi diqqətinizdədir.
Siz hər bir azərbaycanlının Prezidenti kimi dini, milli mənsubiyyətinə fərq qoymadan bütün ölkə vətəndaşlarının ən ümdə hüququ sayılan din və vicdan azadlığının etibarlı təminatçısısınız. Bu gün Zati-Alilərinizin rəhbərliyi altında Azərbaycan hökuməti, eyni zamanda UNESCO və ISESCO-nun xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin və dini abidələrimizin himayəçisi kimi böyük tarixə malik məscid və ziyarətgahların, eləcə də kilsə və sinaqoqların bərpası sahəsində ardıcıl tədbirlər həyata keçirir.
Bu həqiqəti biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyaların nümayəndələri daima xüsusi ehtiram, minnətdarlıqla vurğulayır və yüksək dəyərləndiririk. Zati-Aliləriniz əmin ola bilər ki, dövlət tərəfindən göstərilən bu qayğı və ehtiramın qarşılığında Azərbaycanımızın sədaqətli vətəndaşları kimi doğma vətənimizin tərəqqisi naminə Sizin ətrafınızda bundan sonra da sıx birləşəcəyik.
Biz inanırıq ki, Zati-Alilərinizin doğma Azərbaycanımızla bağlı bütün arzuları reallaşacaq, apardığınız uğurlu və müdrik sülh siyasəti nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa ediləcək, yurd-yuvalarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur olmuş bir milyondan artıq yurddaşımız öz doğma torpaqlarına qayıdacaqdır.
Möhtərəm Prezident,
Fürsətdən istifadə edərək qarşıdan gələn 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-Alilərinizə Azərbaycanın xoşbəxt gələcəyi naminə dəyərli fəaliyyətinizdə bundan sonra da yeni-yeni uğurlar arzulayırıq.
Tanrı Sizi qorusun