“Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) açılış mərasimini keçirib”.

“Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) açılış mərasimini keçirib” Aİİ rektoru: “Aİİ-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində din sahəsində qəbul edilmiş ən ciddi qərarlardan biridir, biz bu məsuliyyətin yükünü anlayır, cənab Prezidentin göstərdiyi etimadı, xalqımızın bizə bəslədiyi inam və ümidi doğrultmaq üçün səylə çalışırıq” .

17 sentyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının millətlərarası multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Siyavuş Novruzov, Türkiyə Diyanət Vəqfi 29 Mayıs Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulac, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq geniş nitq ilə çıxış edib. C.Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərdiyini vurğulayıb. Rektor, Aİİ-nin yaradılmasını Azərbaycan Respublikası Prezidentinin dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biri olduğunu söyləyərək bu müdrik qərara və din sahəsinə göstərdiyi yüksək qayğı və diqqətə görə bütün ilahiyyatçılar adından ölkə başçısına dərin təşəkkürünü bildirib.
Sovet dövrünün qadağa və məhdudiyyətləri ilə üzləşən, ancaq ruhdan düşməyən, gələcəyə ümidlə baxan ruhanilərimizin ən böyük arzularından biri Azərbaycanda ali dini təhsil müəssisəsinin yaradılması olmuşdur deyən rektor vurğulayıb: “Aİİ-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində din sahəsində qəbul edilmiş ən ciddi qərarlardan biridir, biz bu məsuliyyətin yükünü anlayır, cənab Prezidentin göstərdiyi etimadı, xalqımızın bizə bəslədiyi inam və ümidi doğrultmaq üçün səylə çalışırıq” .
C.Məmmədov bildirib: “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalandıqdan sonra qısa vaxt ərzində institutun formalaşması istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, ali təhsil müəssisəsi tədris ilinə hazırlıq səviyyəsinə gətirilmişdir. 2018-2019-cu tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə islamşünaslıq ixtisasına 35, dinşünaslığa isə 25 plan yeri təsdiq edilmiş, ayrılmış plan yerləri 100% dolmuşdur. İnstitutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil standartları Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilmiş və Nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınmışdır. Azərbaycan İlahiyyat İnstitutunda hazırda bir fakültə, 3 kafedra mövcuddur. İnstitutda tədris azərbaycan dilində həyata keçirilir. Gələcəkdə rus, ingilis və ərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin təhsilə cəlb olunması nəzərdə tutulur.”
Rektor, Azərbaycanda qarşılıqlı etimada və hörmətə əsaslanan dövlət-din münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə alaraq DQİDK-nin Aİİ-nin bir tələbəsi üçün Heydər Əliyev adına təqaüd təsis etdiyini diqqətə çatdırıb. QMİ-nin də, həmçinin tələbələrdən biri üçün aylıq təqaüd təsis etdiyini qeyd edən C.Məmmədov təşəbbüskarlar olaraq Şeyxülislam həzrətlərinə və Mübariz Qurbanlıya institut adından təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Prezident Administrasiyasının millətlərarası multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov əsası Ümummmilli lider tərəfindən qoyulan və ölkə rəhbərliyinin davam etdirdiyi dövlət-din siyasətinin uğurlu nəticəsi olaraq Azərbaycanın dünyada artıq multikulturalizm mərkəzi kimi tanındığını, Aİİ-nin yaradılmasını bu siyasətin məntiqi davamı olduğunu bildirirərək yeni fəaliyyətə başlayan institututa uğurlar arzulayıb.
DQİDK sədri Mübariz Qurbanlı institutun açılışını tarixi hadisə kimi dəyərləndirib. Aİİ-nin yaradılmasını cənab Prezidentin şəxsən öz təşəbbüsü olduğunu qeyd edən M.Qurbanlı bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirərək komitə tərəfindən hazırlanmış “Qısa İslam ensiklopediyası” adlı kitabı Aİİ-yə hədiyyə edib.
Türkiyə Diyanət Vəqfi 29 Mayıs Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulac Azərbaycanın dövlət siyasətində din sahəsinin uğurla tənzimləndiyini, bu səbəbdən problem yaşayan bir çox Şərq ölkələrindən fərqli olaraq ölkədə tarixi reallığa söykənən sabit mühitin olduğunu qeyd edib. Aİİ-nin yaradılmasını təqdir edən T.Altıkulac BDU-da İlahiyyat fakültəsinin ilk yaradıcılarından biri kimi institutun müəllim və tələbə heyətinə tədris və təlim istiqamətində öz tövsiyyələrini çatdırıb.
İnstitutun yaradılmasının zərurətdən irəli gəldiyini vurğulayan millət vəkili Siyavuş Novruzov Aİİ-nin açılışını ölkənin uğuru adlandırıb, DQİDK-in bu işi vaxtında təşkil etdiyini vurğulayaraq institutun rəhbərliyini, müəllim və tələbə heyətini təbrik edib.
QMİ-nin sədr müavini Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin Aİİ heyətinə xeyir və dualarını çatdırıb, bu yol müqəddəsdir, ona görə də tələbələrə mükəmməl öyrədilməlidir deyərək Aİİ-yə bu şərəfli yolda uğurlar diləyib.
Təhsil Naziri Ceyhun Bayramovun təbriklərini çatdıran Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov Aİİ-nin Azərbaycanda tarixən formalaşmış tolerant dini-mənəvi mühitin qorunmasına, yüksək ixtisaslı kadrların hazırlanmasına öz töhfələrini verəcəyini bildirib.
BDU-nun Elmi işlər üzrə prorektoru professor İsmayıl Əliyev BDU rektoru akademik Abel Məhərrəmovun adından tədbir iştirakçılarını salamlayaraq, institut heyətini ilk tədris ili münasibəti ilə təbrik edib.
BDU-nun Ərəb dili filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev, Bakı və Azərbaycanın Baş Yepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının sədri Aleksandr Şarovski, Alban-udi dini icmasının sədri Robert Mobilin çıxış edərək Aİİ-nin yaranması münasibəti ilə xalqımızı və institutun əməkdaşlarını təbrik edib, yeni təhsil müəssisəsinin quruculuğu sahəsində görülən işləri təqdir edərək Aİİ rəhbərliyinin və formalaşdırılan kollektivin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə inamlarını ifadə ediblər.
Açılış mərasimi tədbirdə iştirak edən dini konfessiya rəhbərlərinin adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətin oxunması ilə başa çatıb. Müraciətdə dini konfessiya rəhbərləri dünyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qardaşlıq və həmrəylik şəraitində yaşadığını, ölkədəki bu tolerant mühitin Ümummilli lider Heydər Əliyevin mütərəqqi dövlət-din siyasəti nəticəsində yaradıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Aİİ-nin istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksək ixtisaslı dinşünas və islamşünas kadrlar hazırlayaraq, təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcəyinə inamlarını ifadə edən müraciət müəllifləri Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə göstərilən qayğının əyani göstəricisi olan Azərbaycan İlahiyyat İnstitutunun yaranması haqqında imzaladığı sərəncama görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.