Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən təşkil olunan konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq Azərbaycanı əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanıtmaq məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış” mövzusunda qısametrajlı film nümayiş olunub.
Konfransda çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov birgəyaşayışın mənəvi dəyərləri zənginləşdirən bir məsələ olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan reallıqlarında bu cür tendensiya hökm sürür. Bütün xalqların və dinlərin nümayəndələrinə Azərbaycanda hörmət göstərilir. Həmin şəxslərin hüquqları qorunur. Bu da bizim milli təhlükəsizliyimizin və sabitliyimizin təminatıdır. Günümüzdə ölkədə mövcud olan tolerantlıq və birgəyaşayış mühitinin daha da möhkəmlənməsinə xüsusi həssaslıqla yanaşan Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ənənəni daha da inkişaf etdirərək dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. 44 günlük Vətən müharibəsində bütün dünyanın Azərbaycan xalqının birliyinə bir daha şahid olduğunu vurğulayan sədr müavini hər birimizin dövlət başçımızın ətrafında sıx birləşərək torpaqlarımızı azad etdiyimizi və dünyaya birlik, həmrəylik nümunəsi nümayiş göstərdiyimizi qeyd edib. S.Heydərov, eyni zamanda hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən bir “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrinin qorunub saxlanılmasının, zənginləşdirilməsinin, o cümlədən elmi cəhətdən tədqiq edilməsinin vacibliyinə diqqət çəkib.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında mövzunun aktuallığına diqqət çəkib. Bildirib ki, bütün dünyaya nümunə olan birgəyaşayış modeli və müxtəlif dinlərin harmonik birliyi ictimai sifarişdir və gələcəyimizin təminatçısıdır. Birgəyaşayış mühitinin dövlət-din konsepsiyasına uyğun möhkəmləndirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən strategiyanın əhəmiyyətini vurğulayan millət vəkili bu uzaqgörən siyasətin çox mükəmməl şəkildə Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib. Hazırda dünyada sülhə və təhlükəsizliyə təminat verən hüquqi sənədin olmadığını dilə gətirən E.Nəsirli beynəlxalq hüququn pozulduğu bir vaxtda Azərbaycanın birgəyaşayışla bağlı siyasəti yüksək səviyyədə həyata keçirdiyini qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Ermənistan regiondakı prosesləri təhrif edərək “etnik təmizləmə” kimi təqdim edir. Amma reallıq odur ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə reinteqrasiya olunmağı təklif edir. Bununla da onların ağır sosial problemlərdən qurtarılmaları üçün növbəti dəfə imkan yaradır. O əlavə edib ki, müəyyən xarici qüvvələr regiondakı prosesləri süni şəkildə qabardaraq, öz iddialarını gündəmə gətirirlər: “Bu da Azərbaycana qarşı nifrət kampaniyası aparıldığının göstəricisidir. Halbuki Azərbaycanda dini və milli kimliyindən asılı olmayaraq bütün vətəndaşlara bərabər münasibət göstərilir”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Azərbaycan xalqının tolerantlığının, humanistliyinin növbəti dəfə uğurlu lokal antiterror tədbirləri nəticəsində terroristlərdən təmizlənən Qarabağda erməni əsilli əhali ilə münasibətdə özünü göstərdiyini bildirib.
Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası şurasının katibi Konstantin Pominov bildirib ki, Azərbaycanda heç bir zaman dini konflikt olmayıb, Ermənistan istisna olmaqla bütün ölkələrlə sıx münasibətlərə sahibdir. Ermənistanın istisna təşkil etməsi isə normaldır, çünki onlar dostluq etməyi bacarmır, daim qonşu ölkələrlə problemlər yaşayır.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Katolik kilsəsinin nümayəndəsi Yozef Marek, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli, “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sədri Rasim Xəlilov çıxışlarında Azərbaycanda dini konfessiya nümayəndələrinə göstərilən diqqət və qayğıdan söz açıblar. O cümlədən çıxışlarında Xristian dininin siyasiləşdirilməsinə, Qarabağ ətrafındakı münaqişəyə dini çalar verilməsi cəhdlərinə kəskin şəkildə etiraz ediblər.
Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov yekun nitqi ilə çıxış edərək tolerantlığın, birgəyaşayış ənənələrinin cəmiyyətdə mövcud olmasıyla yanaşı bu dəyərlərin dövlət tərəfindən dəstəklənməsinin önəmini vurğulayıb.
Sonda Azərbaycan İlahiyyat İnstitutunun kitabxanasına DQİDK tərəfindən ölkəmizdəki tolerantlıq mühitinə dair fotolardan hazırlanmış albom təqdim olunub.
Konfrans müzakirələrlə yekunlaşıb.