Noyabrın 10-da Qəbələ rayon Nic qəsəbəsinin “Çotari” kilsəsində ”16 noyabr Beynəlxalq Tolerantlıq Günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbə əməkdaşları Zaman Şirinov və Ruslan Mobili, Qəbələ RİH başçısının Nic qəsəbəsi üzrə nümayəndəsi İbrahim Məmmədov, Alban-Udi Xristian dini icmasının sədr müavini Rafiq Danakari, icma üzvləri, qəsəbə ağsaqqalları və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədrinin müavini Rafiq Danakari qeyd edib ki, bu gün Azərbaycanda tolerantlıq ən yüksək səviyyədədir. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələri sərbəst şəkildə öz adət və ənənələrini, dini etiqadlarını həyata keçirirlər. Bunun bariz nümunəsi kimi Nic qəsəbəsini misal göstərmək olar.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxış edərək bildirib ki, tolerantlıq Azərbaycan xalqının əsrlər boyu formalaşan başlıca xüsusiyyətidir. Dini və etnik müxtəliflik ölkəmizin ən böyük zənginliyidir. Azərbaycan ərazisi bütün dövrlərdə dini və etnik ayrı-seçkiliyə məruz qalan insanlar üçün sığınacaq olub. Bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb.
Daha sonra çıxış edən Qəbələ RİH başçısının Nic qəsəbəsi üzrə nümayəndəsi İbrahim Məmmədov, “Orayin” Udi Mədəniyyət Mərkəzinin rəhbəri Oleq Danakari, qəsəbə ağsaqqalları Rövşən Balayev və Frans Vartanov qeyd ediblər ki, bölgəmizdə, xüsusən Nic qəsəbəsində tolerantlıq ənənələri yüksək səviyyədədir. Qəsəbə əhalisi arasında dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər zaman mehriban münasibətlər olub.