Möhtərəm Mehriban xanım!
Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri dövlətimizin tarixində ilk dəfə olaraqVitse-prezidentlik səlahiyyətlərinin Sizə həvalə olunması münasibətilə dindarlarımız adından Sizi təbrik edir, yeni vəzifənizdə daim uğurlu olmanız üçün səmimi arzularımızı və xeyir-dualarımızı yetirir, Uca Yaradanın mərhəmət və qüdrət nəzərinin hər zaman üzərinizdə olmasını diləyirik.
Bizim xalqımız və dövlətimiz üçün böyük fəxarətdir ki, siyasi liderlik zirvəsinə yetişən nadidə qadınlar arasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların Xoşməramlı səfiri Mehriban xanım Əliyeva vardır. Sizin bu zamana qədər yerinə yetirdiyiniz ictimai, siyasi və mədəni missiya tarixi fenomendir. Müqəddəs məkanların tikintisi və bərpası, müsəlman ziyarətgahları ilə yanaşı xristian və yəhudi dini abidələrinin abadlaşdırılması sahəsində gördüyünüz işlər, milli-mənəvi dəyərlərimizin xaricdə və ölkə daxilində mütəmadi təbliğ olunması bir azəri xanımın dünyaya bəyan etdiyi yüksək tolerantlıq mədəniyyətinin nümayişidir. Siz millətlər və dinlər arası dialoqu, multikulturalizm prinsiplərini daima diqqət mərkəzində saxlamaqla Azərbaycanın beynəlxalq nüfuzuna yenilməz zəfər qazandırırsınız.
Böyük və nəcabətli ailə ocağının qızı, xanımı və anası olan Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycanın bugününün və sabahının ucalığını təmin edən möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyevin fədakar yardımçısını görürük. Mehriban xanım Əliyeva öz nümunəsi ilə ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Heydər Əliyevin ənənələrini qoruyan və inkişaf etdirən ictimai və siyasi xadim zirvəsini xalqın könlündə fəth etmişdir.
Hörmətli Mehriban xanım!
Vitse-prezident kimi fəaliyyətinizin ilk günü xalqımızın qədim bayramlarından olan Novruzun ilk Su çərşənbəsinə — Baharın oyanışına təsadüf edib. Biz bunu gəlişi mübarək olan simvolik rəmz kimi qəbul edirik – Sizin sayənizdə ölkəmizdə yeni ümidlər oyanacaq, həyatımız su kimi şəffaf və aydın olacaqdır, inşallah! Bu əziz gündə bir daha Sizi təbrik edir, dindarlarımızın xeyir-dualarının daima Sizinlə olmasını arzu edirik.
Uca Yaradan hər zaman yardımçınız olsun! Amin.
Dərin hörmət və ehtiramla
Şeyxülislam Allahşükür PAŞAZADƏ Qafqaz Müsəlmanları İdarəsinin sədri
ALEKSANDR Bakı və Azərbaycan arxiyepiskopu
Vladimir FEKETE Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi
Milix YEVDAYEV Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Robert MOBİLİ Alban-udi dini icmasının sədri
https://www.qafqazislam.com/index.php?lang=az§ionid=news&id=1824