Xocalı soyqırımı Laçındakı «Ağoğlan» məbədində yad edilib

Fevralın 24-də Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırında Xocalı qurbanlarının anım mərasimi keçirilib.

APA-nın əməkdaşının Laçından verdiyi məlumatına görə, mərasimdə Alban-udi xristian icmasının üzvləri, xarici və yerli mətbuat nümayəndələri iştirak ediblər.

Öncə icma sədri Robert Mobili Xocalı qurbanlarının ruhuna kilsədə şam yandırıb. Sonra R. Mobili və icmanın sədr müavini Rafik Danakari, habelə Alban-udi xristian icmasının üzvləri şəhidlərin və Xocalı qurbanlarının ruhuna dualar oxuyublar.

Daha sonra jurnalistlərə açıqlama verən R.Mobili bildirib ki, bu gün ilahi ədalətə şahidlik edirlər: “O ilahi ədalət ki, başda Azərbaycan Prezidenti olmaqla müzəffər Azərbaycan Ordusu bərpa etdi. Azərbaycan əsgəri təkcə torpaqları deyil, dini məbədləri də əsirlikdən azad etdi. Yaşasın Azərbaycan, yaşasın ordumuz, yaşasın Prezidentimiz”.

“Ağoğlan” məbədinin əhəmiyyətindən danışan R.Mobili vurğulayıb ki, Laçında bir çox alban kilsəsi var: ““Ağoğlan” məbədi isə Laçın üçün, Qarabağ üçün bir mirvaridir. Nəhayət, tarixi həqiqəti bərpa elədik”.

R. Mobili bu gün Alban-udi xristian icması üçün də əlamətdar gün olduğunu qeyd edib: “Biz bu gün kilsədə erməni saxtakarlıqlarının da şahidi olduq. Nə qədər daşın üstündə erməni xaçları gördük. Kilsədə bu qədər element, simvol olmamalıdır. Bura gələn hər icma üzvü, hər bir azərbaycanlı üçün bu yer doğmadır. Mən həyəcan içindəyəm. İlk  dəfədir, Laçın rayonuna gəlirəm, 6-cı əsrdə inşa edilən qədim alban kilsəsini ziyarət edirəm. Bu abidə 30 il yox, mən deyərdim 200 ilə yaxındır, işğaldadır. Ermənilər bu kilsəni də saxtalaşdırıblar. Axır ki, tarixi ədalət bərpa olundu və biz gəlib məbəddə ibadət elədik. Şəhidlərimizin qarısında baş əyirik. Xocalı qurbanlarının ruhları qarşısında baş əyirik. Xocalı soyqırımı heç vaxt yaddaşdan silinməyəcək. Bu gün bizim bura ilk addımlarımızdır. Mən inanıram ki, gələcəkdə işğaldan azad edilmiş torpaqlardakı məbədlər, kilsələr bərpa olunacaq”.

Qeyd edək ki, “Ağoğlan” monastırı (və ya “Sisərnəvəng”) Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə, Kosalar kəndində yerləşən, V-VI əsrlərə aid bazilikadır.

Əfsanəyə görə, monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilib. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanılıb. Monastırın Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı — “Ağoğlan” monastırı — abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir.

Memarlıq doktoru, professor Gülçöhrə Məmmədova öz araşdırmalarında qeyd edir ki, 1613-cü ildə monastırı əhatə edən qala divarları möhkəmləndirilib və tağlı əsas giriş qapısı inşa edilib. Bu haqda məlumatın əks olunduğu kitabə 1989-1992-ci illər arasında Laçın rayonunun Azərbaycan nəzarətində olduğu müddətdə yoxa çıxıb. Əsas kilsə binası və zəng qülləsi 1779-cu ildə təmir edilib. Bu haqda məlumat verən kilsə kitabəsi isə 1967-ci ildə yoxa çıxıb.

Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastırı da özününküləşdirməyə çalışıb. Monastırın divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirilib. Halbuki kilsənin yerləşdiyi diyar tarix boyu Oğuz və Qıpçaq türklərinin ana yurdu olub. Monastırın tikilmə tarixi də ermənilərin bu iddialarını alt-üst edir. Ermənilər ərazini tərk edəndə isə yenə monastırda quraşdırılan şamdanları və bəzi tarixi materialları yox ediblər.