«Ölkəmizdə bütün millətlər eyni hüquqa malikdir» adlı tədbir keçirilib

Avqustun 25-də Qəbələ rayon Heydər Əliyev Mərkəzi Nic qəsəbəsində yerləşən Cotari alban-udi kilsəsində «Ölkəmizdə bütün millətlər eyni hüquqa malikdir» adlı tədbir keçirib.
Tədbir Məryəm Ana kilsəsində davam etdirilib və vurğulanıb ki, lap qədim dövrlərdən başlayaraq Azərbaycan türkləri həmişə digər millətlərə qarşı çox mülayim, diqqətli və qayğıkeş olub. Məhz bunun nəticəsidir ki, hazırda da ölkəmizdə müxtəlif adda xalqlar yaşayır ki, həmin xalqlardan biri də udilərdir.
Rayonun Nic qəsəbəsi dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir. Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar.
Ulu öndər Heydər Əliyev deyirdi ki, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Buna görə də Azərbaycandakı bütün xalqlar özlərini sərbəst, rahat hiss edir, dini inanclarına görə mənfi münasibətlərə məruz qalmır, dövlətin hüquqlu vətəndaşları olaraq sülh şəraitində yaşayırlar.