20 Yanvar faciəsinin 33-cü ildönümü münasibəti ilə Qafqaz Müsəlmanları İdarəsini sədri, Şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər Xiyabanına gedərək 20 Yanvar faciəsinin qurbanlarını yad ediblər.

Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərin məzarları ziyarət olunub, ruhları yad edilib, müxtəlif dinlərə uyğun dualar oxunub.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıblar.
Qafqaz Müsəlmanları İdarəsindən daxil olan bəyanatda deyilir ki, Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur, mənəvi iftixar mənbəyi və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycanın müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmış Vətən övladlarına xalqımızın ehtiramı daimidir.
“Biz, Qafqaz Müsəlmanları İdarəsinin sədri və ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar şəhidlərinə, eləcə də Azərbaycanın ərazi bütövlüyü və milli müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Uca Yaradandan rəhmət diləyir, ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, qazilərə şəfa diləyirik. Zəfər çalmış xalqımız bu ümummilli hüzn gününü birlik və vəhdətimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü olaraq hər il olduğu kimi yüksək səviyyədə qeyd edir, bütün Vətən şəhidlərinin əziz ruhlarını anır, Ulu Rəbbimiz, Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməkdən şərəf duyur.
Ətraflı
Uca Allah Vətən şəhidlərinə rəhmət eləsin! Amin!”, – bəyanatda qeyd olunur.
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.