“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilmişdir

16 mart 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların nümayəndələrinin, ziyalıların, ağsaqqalların, elm xadimlərinin və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev qonaqları və konfrans iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə, ziyalılarına, elm xadimlərinə verdiyi yüksək dəyərdən bəhs etmiş, ötən əsrin sonlarına doğru dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasının məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf etdiyini vurğulamışdır. Konfransda elm xadimləri və ziyalılar adından çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru, Professor — Natiq İbrahimov, Xalq Qəzetinin müxbiri, Əməkdar jurnalist–İttifaq Mirzəbəyli, Alban-udi xristian icmasının sədri — Robert Mobili bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli Lider Heydər Əliyevin cəmiyyətin bütövləşməsi üçün  azərbaycançılıq ideologiyasının, milli həmrəyliyin aparıcı amilə çevrilməsi istiqamətində mühüm işlər gördüyünü, azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdiyini qeyd etmişlər. Çıxışlarda Ulu öndər Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olduğu bildirilmişdir. Digər çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən, təhsilə və gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışlar.