Dekabrın 21-də müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubeliyi münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərin davamı olaraq “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib.

İctimaiyyət nümayəndələri, müsəlman və qeyir-müsəlman dini qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun  sifarişi ilə ərsəyə gətirilən “Müzəffər Komandan” sənədli filmi nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müstəqilliyimiz bərpa edildikdən sonra Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı dövlət-din siyasətinin daha da möhkəmləndiyini bildirərək son illərdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında Prezident İlham Əliyevin xidmətlərinə diqqət çəkib. Vurğulayıb ki, sovet sistemi dağıldığı zaman Azərbaycanda 17 məscid fəaliyyət göstərirdi, 2003-cü ildə onların sayı 1818-ə çatmışdı.  Yalnız son 20 il ərzində isə 435 məscid tikilərək istifadəyə verilib və indi ölkə üzrə 2253 məscid var. Eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə yüzlərlə ibadət evi və ziyarətgah təmir və ya bərpa edilib. Həmçinin ölkə ərzasindəki kilsə və sinaqoqlar da diqqətdən kənarda qalmayıb. Bu faktlar dövlət başçısının milli-mənəvi dəyərlərə verdiyi önəmin təzahürüdür. M.Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi dini sahədə də mühüm nailiyyətlərə imza atıb. Xarici ölkələrdə keçirilən tədbirlərdə, o cümlədən ölkəmizə gələn din sahəsindəki mütəxəssislər Azərbaycanın dövlət-din münasibətləri modeli, burada yaşayan müxtəlif dini nümayəndələrə xüsusi diqqətin olmasını vurğulayırlar. Azərbaycanda müxtəlif dinlərə mənsub insanların birgə yaşayışı və onların ölkəmizdə azad şəkildə dini ibadətlərini yerinə yetirmələri üçün yaradılan şərait yüksək qiymətləndirilir. Komitə sədri Azərbaycan İlahiyyat İnstitutu və nəzdində Bakı İlahiyyat kolleci yaradılmasının önəminə toxunub. Qabaqcıl düşüncəyə malik, müasir dünyamızda gedən prosesləri mükəmməl bilən, elmlə dinin qarşılıqlı əlaqəsini gözəl anlayan, tolerant və multikultural dəyərləri, azərbaycançılıq ideologiyasını mənimsəyən, islamda vəhdəti təbliğ və təşviq edən, heç bir halda məzhəb ayrı-seçkiliyinə yol verməyəcək kadrlar yetişdirildiyinə diqqət çəkib. M.Qurbanlı 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətini vurğulayaraq, Qafqaz Müsəlmanları İdarəsi ilə birgə  Özbəkistan, İran, Türkiyə, İspaniya və Rusiyada baş tutan beynəlxalq tədbirləri xatırladıb. Bu gün Azərbaycanın öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, dünya dini liderlərinin sammitlərinə ev sahibliyi, qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik etdiyini,  Prezident İlham Əliyevin  dövlət-din siyasətinin ölkəmizi dinlər və məzhəblərarası həmrəyliyin nadir nümunəsinə malik bir məkana, milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin unikal nümunəsinə çevirdiyini söyləyib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, deputat Sahib Alıyev bildirib ki, Prezident İlham Əliyevin dini sahədə həyata keçirdiyi bənzərsiz siyasət özündə konfliktsizlik və harmoniyanı etiva etməsi baxımından tək Azərbaycanda deyil, bütün dünyada öyrənilməli və reallaşdırılmalı siyasətdir. Millət vəkili xatırladıb ki, 44 günlük Vətən müharibəsi zamanı din və məzhəb fərqi qoyulmadan hər kəs dəmir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək həmrəylik nümayiş etdirdi. S.Alıyev, həmçinin Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dini ibadət yerlərində — məscid, kilsə, sinaqoqlarda aparılan bərpa-quruculuq işlərindən də bəhs edib, bu çoxşaxəli fəaliyyətin tək Azərbaycandakı abidələri deyil, dünya mədəni irsi nümünələrini əhatə etməsini diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev qeyd edib ki, Prezident İlham Əliyev dövlət və din münasibətlərini inkişaf etdirmək üçün yorulmadan səy göstərir. Ölkəmizdə yeni məscidlərin tikilməsi və ya mövcud olanların bərpası, dini icmalara maliyyə yardımlarının göstərilməsi dövlətimizin bu sahəyə xüsusi diqqət və qayğısının bariz nümunəsidir.  Bu, Azərbaycanın təkcə son illərdə qazandığı nailiyyətlər deyil, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasi xəttin uğurla davam və inkişaf etdirilməsinin nəticəsidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib ki, Prezident İlham Əliyevin siyasətinə nəzər saldıqda onun nə qədər çoxşaxəli fəaliyyət istiqamətlərinə malik olduğunu, Ulu Öndər Heydər Əliyev tərəfindən əmanət edilmiş bu siyasi kursu hansı səviyyədə inkişaf etdirərək qlobal müstəviyə çıxardığını görmək mümkündür. Bildirib ki, biz bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Türk dünyası arasında çox sürətli inteqrasiya proseslərini, eləcə də Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad olunmasının Türk dünyasını ruhlandırması və biri-birinə yaxınlaşdırmasını müşahidə edirik. Tək torpaqlarımızın deyil, tarixi-mədəni irsimizin, dini abidələrimizin də əslində işğaldan azad olunduğunu söyləyən R.Həsənov bildirib ki, Qarabağ, Şərqi Zəngəzurda aparılan təmir-tikinti işləri ilk növbədə məhz dini ibadət yerlərin qurulması, bərpa olunaraq insanların istifadəsinə verilməsi ilə bağlı idi.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, arximandrit Aleksi Nikonorov, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Prezident İlham Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimizin qorunub saxlanılmasına göstərdiyi diqqət və qayğı barədə danışıblar. Bildiriblər ki, dövlət başçısının rəhbərliyi ilə Qarabağın dirçəldilməsi yönündə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası onları hədsiz sevindirir. Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri – dindarlar, din xadimləri fəxr edir və inanırlar ki, Azərbaycanı qalib ölkə, xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırmış Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimiz bundan sonra da yeni zirvələrə yüksələcək, hər zaman uğurlara imza atacaqdır. Din xadimləri multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına, dini qurumların problemlərinə həssas münasibətinə və özəl qayğısına görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Müzakirələrlə davam edən konfransdakı çıxışlarda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə doğum günü münasibətilə səmimi təbrik və xoş arzular səsləndirilib.