Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq elmi konfransın iştirakçıları Xocavənd rayonunun Hadrut qəsəbəsində olublar.

Ermənilərin işğal dövründə özününküləşdirməyə çalışdığı və erməni irsinin nümunəsi kimi təbliğ etdikləri Azərbaycan abidələrindən biri Ağ xaç kilsəsini ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, Qarabağda yerləşən və Azərbaycan xalqının maddi-mədəni, tarixi-dini irs nümunələrindən olan Ağ xaç kilsəsi Hadrut qəsəbəsi ilə Çinarlı kəndi arasında hündür təpə üzərində yerləşir. Ağ xaç kilsəsi burada vaxtilə mövcud olmuş monastırın baş kilsəsidir. İnşa tarixi məlum olmasa da, ərazidəki bir sıra kitabələr hələ IX əsrdə bu kilsənin fəaliyyətdə olduğunu təsdiqləyir.