QMİ-də din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

İyulun 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və ölkəmizdəki dini konfessiyaların rəhbərlərinin qatıldığı videogörüşdə İdarənin paytaxt və bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Şeyxülislam Allahşükür Paşazadə dini mənsubiyyətindən asılı olmayaraq heç bir fərq qoymadan hər bir insanı təhdid edən COVID-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladıb. QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü genişmiqyaslı işlərdən bəhs edib. Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışan A.Paşazadə, həmçinin dövlətimizin 30-dan çox ölkəyə humanitar yardım göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini təqdirlə vurğulayıb. Dövlətimizin başçısının BMT-nin Baş Assambleyasının pandemiyanın qarşısının alınması məqsədilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə mübarizədə qlobal həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildirən QMİ sədri bunu olduqca əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirib.

A.Paşazadə Nazirlər Kabineti yanında təsis edilən Operativ Qərargahın fəaliyyətini təqdir edərək, QMİ-nin bu qurumla fəal əməkdaşlıq etdiyini, dini səciyyəli məsələlərə dair tövsiyə və qərarları birgə müzakirə etdiklərini diqqətə çatdırıb. Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin geniş beynəlxalq əlaqələrinin pandemiya dövründə də davam etdirildiyini söyləyib.

Amansız xəstəlik dövründə mücadilənin ön cəbhəsində mübarizə aparan həkimlərin, polislərin zəhmətini yüksək dəyərləndirən QMİ sədri din xadimlərimizin də bu istiqamətdə fədakar xidmətini xüsusi qeyd edib. O bildirib ki, din xadimlərinin mənəvi dəstəyi, müqəddəs dinimizin aşıladığı yüksək dəyərləri insanlara təlqin etməsi, ən çətin anlarında insanların yanında olması, xəstəlik riskini göz önünə alaraq dini vacibatları yerinə yetirməsi minnətdarlıqla qarşılanır. Buna görə din xadimlərinə təşəkkürünü bildirən QMİ sədri koronavirus səbəbindən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib, onların əzizlərinə başsağlıgı verib, xəstələrə şəfa diləyib.

Pandemiyanın gedişatından, yaratdığı reallıqlardan, fəsadlardan ətraflı bəhs edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu bəlanın dəf olunması üçün zəruri olan məqamları din xadimləri ilə bölüşüb. QMİ-də pandemiyanın başlanğıc dövründə keçirilmiş toplantıda bütün zəruri tövsiyələrin açıqlandığını bildirən M.Qurbanlı bunun öz müsbət nəticəsini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, martın 28-də Bakıda müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, modul tipli xəstəxanaların tikilməsi infeksiya ilə mübarizədə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Heydər Əliyev Fondunun göstərdiyi fəallıq da mütləq qeyd olunmalıdır. Fond pandemiyaya qarşı mübarizəyə dəstək verərək böyük sosial layihə həyata keçirdi. “Biz birlikdə güclüyük!” aksiyası çərçivəsində aztəminatlı və digər həssas təbəqədən olan 100 mindən çox ailəyə yardım paylanıldı. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı ilə əlaqədar olaraq bütün ölkə ərazisində qanvermə aksiyaları təşkil olundu.

Hər hansı bir ölkənin təkbaşına COVID-19-la mübarizəsinin qeyri-mümkünlüyünü vurğulayan Komitə sədri dövlətimizin qlobal müstəvidə bütün dünya dövlətlərinin səylərinin birləşdirilməsi yönündə atdığı addımları, xüsusən, BMT-nin Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü nəzərə çatdırdı.

Dövlət tərəfindən bütün lazımi addımların atıldığını vurğulayan M.Qurbanlı din xadimlərinin bu işə dəstək göstərmələrini qeyd edərək, virusun çox təhlükəli olduğunu və bundan qorunma tədbirlərini təbliğ edən moizə və çıxışlarının böyük önəm kəsb etdiyini xüsusi vurğulayıb. Bu əsnada, din xadimlərimizin müxtəlif internet platformalarında, sosial şəbəkələrdə yayımlanan moizələrini dinləyərkən onların səviyyəsindən razı qaldığını dilə gətirən Komitə sədri məscidlərin vəfat etmiş insanlar qarşısında dini-mənəvi borclarını yerinə yetirmələrini yüksək dəyərləndirib.

Videogörüşdə çıxış edən dini konfessiya rəhbərləri — Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete və Alban-udi icmasının başçısı Robert Mobili din xadimləri olaraq dünyanın tezliklə virus təhlükəsindən qurtulmağı, bəşərin xilası və Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işlərin uğuru üçün dualar ediblər. Bildiriblər ki, xəstəliklə mübarizə üçün dinindən asılı olmayaraq cəmiyyətin bütün zümrələri səfərbər olmalı, lazımi davranış qaydalarına əməl etməli, dövlətimizə dəstək olmalıdırlar.

QMİ sədrinin birinci müavini Salman Musayev pandemiya dövründə məscidlərin kütləvi ibadətlərə bağlı olması şəraitində din xadimlərinin ehtiyacı olan insanlara, yaşlılara, əlillərə yardımlar təşkil etdiyini, dəfn mərasimlərinin dinimizin qaydalarına uyğun keçirilməsini təmin etmələrini, yayımlanan moizələri ilə insanlara mənəvi dayaq olmalarını diqqətə çatdırıb. Müfti məscidlərin bağlı qalması səbəbindən televiziya kanallarında din xadimlərinin insanların mənəvi ehtiyac duyduğu çıxışlarına imkan və şərait yaradılması məsələsinə dövlət komitəsinin yardımçı olmasını zəruri hesab etdiyini qeyd edib.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin moderatorluğu ilə davam edən videoiclasda Naxçıvan Muxtar Respublikası üzrə qazı Sahib Məmmədov, Xəzər rayonu üzrə qazı Soltan Əlizadə, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd məscidinin imamı Elman Piriyev, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndə Şahin Həsənli, Quba bölgəsi üzrə qazı Naib Səttarov, Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndə Tahir Abbasov, Cənub bölgəsi üzrə qazı Qəni Axundzadə, Balakən rayonu üzrə qazı İbrahim İbrahimov, Təzəpir məscidinin imamı Mircəfər Əyyubov, Sumqayıt şəhəri üzrə qazı Rauf Sərdarov, Qəbələ bölgəsi üzrə qazı Ceyhun Rüstəmov, Şamaxı rayonu üzrə səlahiyyətli nümayəndə Mirəhməd Mustafayev, İçərişəhər üzrə səlahiyyətli nümayəndə Surxay Məmmədov, Qazax bölgəsi üzrə qazı İlham Süleymanov, İmişli rayonu üzrə səlahiyyətli nümayəndə Adığözəl Bəşirov çıxış ediblər.

Çıxışlarda din xadimləri öz fəaliyyətlərini QMİ-nin tövsiyələrinə və direktivlərinə uyğun olaraq həyata keçirdiklərini və dövlətimizin pandemiyanın qarşısının alınmasına yönəlik addımlarını dəstəklədiklərini bildiriblər. Din xadimləri Uca Allahın köməyi və dövlətimizin gördüyü tədbirlər sayəsində tezliklə virus təhlükəsinin sovuşacağına ümidvar olduqlarını söyləyiblər.

Görüşdə təkliflərini səsləndirən din xadimləri onları ən çox narahat edən məqamlar sırasında sosial şəbəkələrdə dövlət və din xadimlərinin ünvanına yönəlik təhqir və qarayaxma kampaniyaları olduğunu birmənalı şəkildə vurğulayıblar. Din xadimləri xarici xüsusi xidmət orqanları tərəfindən yönləndirilən simasız şəxslərin belə üzdəniraq, haqsız çıxışlarının dindar insanların heysiyyətinə toxunduğunu və bu abırsız şəxslərin öz əməllərinə görə qanun qarşısında cəzalandırılmasını tələb etdiklərini diqqətə çatdırıblar.

Videogörüşün sonunda QMİ sədri din xadimlərinin bütün təkliflərinin nəzərdən keçiriləcəyini vurğulayıb