“Bakı Gənclər Klubu” İcimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Tariximizi öyrənək, irsimizi qoruyaq!” adlı layihəsi çərçivəsində “Alban tarixi gənclərin gözü ilə” adlı sərgi təşkil edib. Layihənin həyata keçirilməsində məqsəd gənc nəsli Azərbaycan tarixi ilə daha yaxından tanış etmək və tarixi abidələrimizin qorunmasına diqqəti artırmaqdan ibarətdir.
Layihə çərçivəsində, bir qrup gənc Azərbaycan Respublikasının şimal-qərb regionunda təşkil olunmuş yay düşərgəsində bölgədə yerləşən Qafqaz Albaniyasının abidələri, həmçinin, onun tarixi və mədəniyyəti ilə yaxından tanış olmuşlar. Layihənin gedişində iştirakçılar tərəfindən, həmin bölgədə yerləşən Alban tarixi abidələri haqqında qısa məlumatların əks olunduğu kitabça da hazırlanmışdır.
Tədbirdə, Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-Siyasi məsələlər üzrə şöbəsinin məsul nümayəndəsi Vüsal Quliyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və Qəbələ rayon Nic kəndinin “Alban-Udi Xristian icması”nın rəhbəri Robert Mobili çıxış etmişlər.