İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış üzvlərinin yerinə yeni namizədlərin seçilməsi məsələsinə baxılıb
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Komitənin sədri Nizami Cəfərov bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarının nümayəndələrinin 6 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar yeni namizədlər irəli sürülüb. Qanunvericiliyə uyğun olaraq məsələyə parlamentdə baxılması üçün Milli Televiziya və Radio Şurasının sədri Milli Məclisin sədrinə müraciət edib. Şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, namizədlərin irəli sürülməsi ilə əlaqədar Milli Televiziya və Radio Şurası haqqında əsasnaməyə, İctimai Televiziya və Radio Yayımı haqqında qanunun tətbiqi barədə prezidentin fərmanına müvafiq olaraq təşkilati tədbirlər görülüb. 2013-cü ilin martında keçirilən iclaslarda İdman federasiyaları tərəfindən Azərbaycan Boks Federasiyası təşkilat komitəsinin sədri Yusif Babanlı və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Yaradıcılıq Birliyinin rəhbəri Validə Ağayeva, Dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Fuad Nurullayev və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili,Yaradıcılıq təşkilatları tərəfindən — Bəstəkarlar İttifaqından Zemfira Qafarova, Yazıçılar Birliyindən Rafiq Səməndər, Rəssamlar İttifaqından Ziyadxan Əliyev və Jurnalistlər Birliyindən Şahin Babayev İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd kimi seçiliblər.
MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli:» Biz qanunvericliyə uyğun olaraq üzərimizə düşən işi yerinə yetirmişik. Seçilən namizədlərin hər biri öz sahəsində tanınmış, peşəkardır, hesab edirəm ki, onlar İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına layiqli namizədlərdir.»
İctimai Televiziyanın Kütləvi İnformasiya Vasitələri sistemində möhkəm yer tutduğunu qeyd edən millət vəkilləri irəli sürülən namizədlərin bu işə müsbət töhvə verə biləcəklərini deyiblər.
Milli Məclisin Komitə sədri Nizami Cəfərov: «İctimai Televiziya məkanında özünün nüfuzlu yerini tutub, ən çox müzakirə olunan, ən çox təriflənən bir kanaldır. Ziyalılarımızın bu kanalın Yayım Şurasına üzv seçilmək istəkləri də İctimai Televiziyanın həqiqətən üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirdiyini nümayiş etdirir.»
Millət vəkili Jalə Əliyeva: «İctimai Yayım Şurası yaranandan bəri həqiqətən əhəmiyyətli bir qurum olduğunu sübuta yetirib. İnanırıq ki, yeni namizədlər də bu işin səmərəli həyata keçirilməsində öz səylərini əsirgəməyəcək.»
Millət vəkili Sahibə Qafarova: «İctimai Televiziya elə aktual, vacib məsələləri qaldırır ki, həqiqətən də onun bugünkü fəaliyyəti cəmiyyət tərəfindən müsbət qiymətləndirilir. Bu televiziyanın böyük potensialı var.»
Millət vəkili Leyla Abdullayeva: «Qısa zaman ərzində İctimai Televiziya ölkə televiziya sistemində nüfuzlu yer tutub, əsl milli kanaldır İctimai Televiziya. Burada yayımlanan verilişlər, ədəbi-bədii proqramlar, mədəniyyətimizin, milli dəyərlərimizin təbliği cəmiyyətdə böyük əhəmiyyətə malikdir və Mədəniyyət Komitəsinin üzvü kimi deyə bilərəm ki, cəmiyyətdə yüksək səviyyədə qəbul edilir.»
Komitə üzvləri milli teleserialların çəkilişində İctimai Televiziyanın oynadığı rolun daha da artırılması üçün birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına irəli sürülən namizədlər parlament tərəfindən seçiləcəkləri halda, gələcək fəaliyyətlərinə dair çıxış etdilər. Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.