Bu gün Park İnn otelində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda konfransı keçirilmişdir. Dövlət Komitəsinin rəhbərliyi və dini qurumların nümayəndələri öncə Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, məzarı önünə əklil və tər gül dəstələri qoymuş, Ulu Öndərin ruhuna dualar oxumuşlar.
Daha sonra Park Inn otelinda tədbir davam etmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan Konfransın açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışmış, Ümummilli Liderin hər zaman milli-mənəvi dəyərlərimizə olan qayğısından söz açmışdır. Bildirmişdir ki, müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyev ölkəmizdəki bütün sahələrə olduğu kimi din sahəsinə də xüsusi diqqət göstərmişdir. Dövlət Komitəsinin sədri, həmçinin əlavə etmişdir ki, Ulu Öndərin ilk səfərini müqəddəs Məkkəyə etməsi, Bakıda Bibiheybət ziyarətgahının yenidən qurulması ilə bağlı səyləri danılmaz faktlardır. Elşad İskəndərov qeyd etmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalara diqqət göstərildiyini vurğulayan DQİDK-nın sədri bildirmişdir ki, ibadət ocaqlarının təmiri, bərpası, o cümlədən yenilərinin tikilməsi ilə yanaşı, dini icmalara maliyyə yardımları onlar üçün yaradılan yüksək səviyyəli şəraitdən xəbər verir. Elşad İskəndərov çıxışının sonunda dini icmalar adından onlara yaradılan bu şəraitə görə ölkə başçısına təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov bildirmişdir ki, Ulu Öndərin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr olunmuşdu. O, Dövlət Komitəsi tərəfindən təşkil olunan silsilə tədbirlərin əhəmiyyətini vurğulayaraq, bildirmişdir ki, bu cür tədbirlər dini icmalar arasında mövcud sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilmiş silsilə tədbirlərdən ibarət foto-slayd nümayiş etdirilmiş, foto-slaydda öz əksini tapmış dini qurumlararsı “Tolerantlıq Kuboku” uğrunda mini-futbol turniri, “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda elan edilmiş məqalə müsabiqəsinin qalibləri, o cümlədən dini icmaların təşəbbüsü, Dövlət Komitəsinin və Sumqayıt şəhər İcra hakimiyyətinin dəstəyi ilə keçirilən “Yaşıl dünyamızı birgə qoruyaq” adlı ağacəkmə aksiyasında fərqlənən dini icmalar mükafatlandırılmışdır.