Avropa Parlamentində Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış “Azərbaycan – tolerantlıq məkanı” adlı sərginin açılışı olmuşdur. Avropa Xalq Partiyasının deputatı İnes Vaiderenin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil edilmiş sərgidə məşhur fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri nümayiş etdirilir.
Sərgiyə ev sahibliyi edən Avropa Parlamentinin deputatı İnes Vaidere çıxışında bu sərginin Azərbaycandakı tolerant mühitin Avropa strukturlarına və siyasi elitasına çatdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O bildirmişdir ki, Azərbaycanın tolerantlıq modeli ilə yaxından tanışlıq, bu modelin dünyanın digər ölkəlrində tətbiqinin mümkünlüyünün qiymətləndirilməsi baxımından mühümdür.
Sərginin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirmişdir ki, Azərbaycan xalqının milli kimliyinin əsasında dayanan tolerantlıq ənənələri çoxəsrlik tariximizdən qaynaqlanır və bu ənənələr Azərbaycan dövləti tərəfindən qorunur və təşviq edilir. Prezident İlham Əliyevin “multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir” sözlərini xatırladan Dövlət Komitəsinin sədri bildirmişdir ki, bu sərgidə nümayiş etdirilən tolerantlıq nümunələri bir tərəfdən bizim Avropa ilə ortaq dəyərlərimizin rəmzidirsə, digər tərəfdən Avropanın da Azərbaycanın verəcəyi töhfələrə ehtiyac duyduğunun göstəricisidir.
Açılış tədbirində çıxış edən Azərbaycanın Beçikadakı səfiri Fuad İskəndərov Azərbaycanın tolerantlıq modelinin bir çox ölkələr üçün örnək ola biləcəyini və onun dünyada təbliğ edilməsinin mühümlüyünü qeyd edərək bu cəhətdən sərginin xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.
Sərgidə nümayiş etdirilən fotoların müəllifi, dünyanın tanınmış fotoqraflarından biri olan Reza Deqati sərginin açılışında çıxış edərək müasir dünyamızda mədəniyyətlər və dinlərarası tolerantlığın sülh və bigə yaşayışın mühüm şərti olduğunu qeyd etmiş və bu sahədə Heydər Əliyev Fondunun təşəbbüslərini yüksək qiymətləndirmişdir.
Bir həftə nümayişi Avropa Parlamentində davam edəcək “Azərbaycan – tolerantlıq məkanı”foto sərgisi salonda toplaşmış AP deputatları, beynəxalq QHT və media nümayəndələrinin geniş marağına səbəb olmuşdur.